Məcburi köçkünlər üçün səyyar oftalmoloji müayinə təşkil edilib 6.2.2019
Məcburi köçkünlər üçün səyyar oftalmoloji müayinə təşkil edilib
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən, müayinə və müalicə imkanları məhdud olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin sağlamlığının bərpasına daim diqqət və qayğı göstərir.
Ölkəmizdəki mərhəmət və humanizm ənənələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni yaşayış kompleksində məcburi köçkünlər üçün səyyar ödənişsiz oftalmoloji müayinə aksiyası keçirilib. Müayinə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılıb, pasiyentlərə ixtisaslı yardım göstərilib.
Aksiya çərçivəsində 150-dən çox məcburi köçkün müayinədən keçib, onlara ilkin diaqnoz qoyulub, zəruri hallarda eynək təyin edilib.
Xatırladaq ki, Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyənin məşhur “Dünyagöz” klinikasının Bakı filialının həkim briqadası ötən il “Qobu park” yaşayış kompleksində səyyar ödənişsiz oftalmoloji müayinə keçirib. Bundan başqa, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası da Dövlət Komitəsinin təşəbbüsünü dəstəkləyərək, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya təşkil edib.
Regionlarda da humanitar aksiyalar həyata keçirilib. Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş sağlamlıq aksiyasında müxtəlif ixtisaslı 11 həkimdən ibarət briqada ümumilikdə 100-dən çox sakinə tibbi xidmət göstərib.
Məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də belə tibbi aksiyaların keçirilməsi nəzərdə tutulub.
 
 
idpsCopyright © 2019
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az