Komitə


                                                                      

Komitənin yaranma tarixi



Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 Sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərinin tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək və bu sahədə respublikanın sovet, təsərrüfat, inzibati və ictimai təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək məqsədilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” kimi yaradılmışdır.

1992-ci ildə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Komitənin adının adı çəkilən qanunun tələblərinə uyğunlaşdırılaması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli Fərmanı ilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi”nin adı dəyişdirilərək “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” adlandırılmışdır.

Komitənin əsas vəzifələri


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri məcburi köçkünlərin  müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla  “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) vermək və bu statusdan məhrum etmək, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirmək, məskunlaşma yerləri üzrə məcburi köçkünlərin uçotunu aparmaq, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil etmək, müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirlərini həyata keçirmək, məşğulluğun artırılması, yoxsulluğun azaldılması, məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərini müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Komitənin hüquqları

Komitənin hüquqlarına məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək, onların qarşısında məsələ qaldırmaq, həmin şəxslərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər görmək, komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək, məcburi köçkünlərə aylıq müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlayaraq müvafiq orqanları ilə razılaşdırmaqla təsdiq etmək, xarici, yerli, hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq və s. daxildir.

 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az