Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub 14.5.2019
Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub
Mayın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin ciddi mənəvi-fiziki zərbəyə, psixoloji sarsıntıya məruz qaldığını, əksəriyyətinin səhhətində problemlər yarandığını qeyd edərək, onlara davamlı və keyfiyyətli tibbi yardım göstərilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hər il pulsuz tibbi müayinədən keçirilməsi ənənə halını alıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.
Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edir.
Dövlət Komitəsinin sədri beynəlxalq qurumların ölkəmizdəki humanitar fəaliyyətini yüksək qiymətləndirib. “Fuji Optical”ın 15 ildir həyata keçirdiyi missiyanın mühüm əhəmiyyət kəsb etdiyi, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərin hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla qeyd olunub.
Akio Kanai isə, öz növbəsində, Azərbaycana səfərlərindən söz açıb, missiyanın uğurla həyata keçirilməsinə lazımi hökumət səviyyəsində göstərilən köməyə görə təşəkkürünü bildirib, bu humanitar missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Xatırladaq ki, missiyanın ölkəmizdə həyata keçirilməyə başlandığı 2005-ci ildən bu günə kimi 59 min yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2400-dək insanı müayinə edib.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az