“Qobu Park”da məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi keçirilib 2.11.2018
“Qobu Park”da məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində 31 oktyabr, 1 noyabr tarixlərində humanitar tibbi aksiya keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyinin təşkil etdiyi aksiya zamanı 300-ə yaxın məcburi köçkün ödənişsiz oftalmoloji müayinədən keçib.
Humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların görmə ilə bağlı problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərmək olub. Müayinəni xəstəxananın müxtəlif oftalmoloji xəstəliklər üzrə ixtisaslaşmış tibbi heyəti aparıb. Müayinə nəticəsində görmə qabiliyyətində problem aşkar edilən məcburi köçkünlərə müalicə təyin olunub, bəzilərinə isə eynək yazılıb.
Məcburi köçkünlər müalicəsi daha çətin olan və cərrahiyyə əməliyyatı tələb edən xəstəliklərin “Dünyagöz”də müalicəsi imkanları barədə məlumatlandırılıb və onlara müvafiq göndərişlər verilib.
Aksiya nəticəsində daha ağır göz xəstəliyi aşkarlanmış məcburi köçkünlərə “Dünyagöz” xəstəxanasında əməliyyat olunmaq üçün güzəşt ediləcək.
Aksiya məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Onlar humanitar aksiyaların keçirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Qeyd edək ki, humanitar aksiyaların məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az