İsveçrəli tələbələr Dövlət Komitəsində olublar 31.10.2018
İsveçrəli tələbələr Dövlət Komitəsində olublar
Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin İsveçrənin Franklin Universitetinin Bakıda qonaq olan tələbələrdən ibarət nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan ötən əsrin 80-ci illərinin sonunda ölkəmizə qarşı ərazi iddiası qaldırıb, az sonra isə hərbi təcavüzlə torpaqlarımızın 20 faizini zəbt edib. İşğalçının həmin əraziləri dərhal və qeyd şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 25 il əvvəl qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların qərarları icra olunmur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, fiziki, mənəvi və maddi məhrumiyyətlərə məruz qalıb.
Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələləri ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, Bakıda və Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.
İsveçrəli tələbələrə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dövlət gənclər siyasəti və onun uğurlu nəticələri barədə də ətraflı məlumat verilib. Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Proqramlarının icra edildiyi bildirilib. Qeyd olunub ki, ölkədə gənclərin çoxsaylı ictimai təşkilatları fəaliyyət göstərir, azərbaycanlı gənclər beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaldır, ədalətli mövqeyini müdafiə edirlər.
Azərbaycanın multikultural və tolerant dəyərlərə hörmət baxımından dünyanın nümunəvi ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar. Respublikanın müxtəlif ərazilərində məscid, kilsə və sinaqoqlar var, onlara dövlət tərəfindən diqqət və qayğı göstərilir.
Daha sonra qonaqlar məcburi köçkünlərin doğma yurd-yuvalarını tərk etdikdən sonra yaşadığı çadır düşərgələrinin, fin tipli qəsəbələrin, yataqxanaların və yeni salınmış qəsəbələrin maketlərinə baxıblar. Bildirilib ki, köçkünlüyün ilk illərində normal yaşayış şəraiti olmayan tikili və binalarda müvəqqəti sığınacaq tapan vətəndaşlarımız üçün müasir tipli qəsəbələr salınır və onlar yeni mənzillərlə təmin olunurlar.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az